Xolera
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir.
Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.
Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.