"Qarabağ" FK Avropa yarışlarında
Qarabağ FK Avropa yarışlarında — Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın futbol klubu.
"Qarabağ"ın Avropa yarışlarındakı ev oyunları əsasən Tofiq Bəhramov Stadionunda və qismən Bakı Olimpiya Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan Tofiq Bəhramov Stadionunun tutumu 31.200 nəfərdir. "Qarabağ"ın heyətində UEFA yarışlarında ən çox meydana çıxan futbolçu Maksim Medvedev (121), ən çox qol vuran futbolçu isə Zubirdir (15).
== Qısa tarixi ==
=== 1996–2007-ci illər ===
"Qarabağ" UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboklar Kuboku turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın "MyuPa" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə "Qarabağ", 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə "MyuPa" futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı.
1997/1998-ci illər mövsümündə "Qarabağ", UEFA Kuboku turnirində mübarizə apardı.