Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında
Azərbaycan — Yeniyetmələrin Olimpiya Oyunlarında. 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında debüt edən Azərbaycan 2010, 2014 və 2018-ci illərdə olmaqla üç dəfə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, 2020-ci ildə olmaqla isə bir dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparıb.
Yeniyetmələrin Olimpiya Oyunları tarixi ərzində Azərbaycan 12 qızıl, 10 gümüş və 4 bürünc medala sahib olub.
== Tarixi ==
=== 2010 Sinqapur Olimpiadası ===
Azərbaycan 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 5 qızıl və 3 gümüş medalla başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 8 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı.
=== 2014 Nancin Olimpiadası ===
Azərbaycan 2014-cü ildə Çinin Nancin şəhərində baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə 9 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 5 qızıl, 6 gümüş və 1 bürünc medalla başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov (qızıl), Teymur Məmmədov (qızıl), İqbal Hacızadə (qızıl), Cabbar Nəcəfov (gümüş) və Leyla Qurbanova (gümüş), taekvondoçular Səid Quliyev (qızıl) və Cerən Özbək (gümüş), boksçu Rüfət Hüseynov (qızıl), cüdoçular Natiq Qurbanlı (gümüş) və Leyla Əliyeva (gümüş), akademik avarçəkən Boris Yotov (gümüş) və yüngül atlet Nazim Babayev (bürünc) medala sahib oldu.