Kartof yeyənlər (rəsm əsəri)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri.
== Tablonun tarixi ==
Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək".
Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq.
Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı.
"Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.