İran monarxiyasının 2500 illiyi ziyafəti
İran monarxiyasının 2500 illiyi ziyafəti (fars. جشنهای ۲۵۰۰ سالهٔ شاهنشاهی ایران) - İran imperatorluğu dövlətinin və Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr və 16 oktyabr tarixləri aralığında İranın müxtəlif şəhərlərində təşkil olunmuş kompleks dövlət tədbirləri və şənlikləri. Pəhləvi rejimi, müasir İran xalqı yaratmaq məqsədilə, ari mənşəli milli kimliyi vurğulamağı rəsmi tarixşünaslığında əsas götürmüşdür. Bu prosesdə, İranı işğal edib idarə edən yad ünsürlərə qarşı yerliləşdirmə strategiyasından istifadə edilərək, türklər, ərəblər və monqollar kimi qeyri-ari ünsürlərin İran mədəniyyətinə uyğunlaşdırıldığı iddia edilmiş və bu iddialar İranlı bürokratlar, şairlər, alimlər və şəxsiyyətlər vasitəsilə möhkəmləndirilmişdir. Pəhləvi sülaləsi, özünü 2500 illik bir monarxiyanın varisi kimi göstərərək, həm suverenliyini, həm də irqi əsaslı ideologiyasını möhkəmləndirməyə çalışmışdır.
Bayramın məqsədi müasir bir İran xalqı yaratmaq, ari mənşəli milli kimliyi vurğulamaq və eləcə də Şah Məhəmməd Rza Pəhləvi dövründə onun müasir nailiyyətlərini nümayiş etdirmək idi. Şənliklərdə ölkənin islamaqədərki tarixinə önəm verilir və Böyük Kirin İran tarixi üçün olan əhəmiyyətinin üzərində dayanılırdı.
Bəzi müasir tarixçilər sözügedən ziyafətin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının başlanmasının əsas kulimnasiya nöqtələlərindən biri hesab edirlər.
== Arxa plan ==
İdeyanın 1958-ci ildə, millətçi İran alimi və intellektualı Şücaəddin Şəfanın şah ailəsinə İran monarxiyasının 2500 illiyi münasibətilə təntənələr keçirməyi təklif etməsilə başladığı güman edilir. Bu rəqəm eramızdan əvvəl 559-cu ildə Böyük Kirin (Kuruş) taxta çıxaraq Əhəmənilər sülaləsinin əsasını qoymasından hesablanırdı.