Muğam üçlüyü
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi.
Muğam üçlüyün ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompozisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.
Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır.
İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur.