Məhəmməd ağa Şahtaxtınski
Məhəmməd ağa Şahtaxtinski və ya Məhəmməd ağa Şahtaxtlı (az-əbcəd. محمد آغا شاه تختینسقی; 1846, Şahtaxtı, Naxçıvan qəzası, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası – 12 dekabr 1931, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan publisisti, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim. Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq Asiya Cəmiyyəti (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü, Bakı Dövlət Universitetinin professoru (1920).
Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtlı (Şahtaxtinski) 1846-cı ildə Şahtaxtı kəndində anadan olmuşdur. Lüsyen Buvanın "Məhəmməd ağa Şahtaxtinski" məqaləsində, "XX əsrin ensiklopediyası"nda göstərilir ki, M.Şahtaxtlı 1848-ci ildə İrəvanda, "Dövlət Dumasının üzvləri. 2-ci çağırış" soraq kitabında 1851-ci ildə anadan olduğu qeyd edilir. Fransız mənbələrində ədibin anadan olduğu yerin adı səhv olaraq Şahtaxtı kəndinin yerləşdiyi quberniyanın (Şahtaxtı kəndi 1849-cu ildə yaradılmış İrəvan quberniyasının tərkibində olmuşdur) adı ilə əvəzlənmişdir. Anadan olduğu tarix də düzgün göstərilməmişdir. Naxçıvan qəzası polis idarəsinin M.Şahtaxtinski barəsində hazırladığı sənəddə ədibin anadan olma tarixi 1846-cı il göstərilir.
Araz sahilində yerləşən Şahtaxtı kəndi özünün adlı-sanlı adamları ilə tanınmışdır.