Şıxbaba
Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah.
Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur.
Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır.
Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır.
Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır.