Əfqanıstanın dövlət quruluşu
Əfqanıstanın siyasi sistemi — 2004-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
== Dövlət quruluşu ==
Əfqanıstan məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik islam respublikasıdır. Milli bayram günü olan müstəqillik günü (1919) avqust ayının 19-da qeyd olunur. Əfqanıstanın 160 maddədən ibarət yeni Konstitusiyası 04 yanvar 2004-cü ildə qəbul edilmişdir.
== İnzibati ərazi bölgüsü ==
Əfqanıstan ərazisi rayonlardan ibarət olan 34 vilayətə (Bəğlan, Bədəxşan, Badğis, Bəlx, Bamiyan, Vərdək, Herat, Daykündi, Cövzcan, Zabul, paytaxt Kabil şəhəri, Qəndəhar, Fərah, Fəryab, Hilmənd, Xust, Kapisa, Kündüz, Künər, Qəzni, Qövr, Ləğman, Lövgər, Nəngərhar, Nimruz, Nuristan, Pəktika, Pəktiya, Pəncşir, Pərvan. Səməngan, Səri-Pul, Təxar, Uruzqan) bölünür.
== Dövlət başçısı ==
Əfqanıstanın birliyinin və suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün, ölkə Konstitusiyanın və qanunların aliliyinin, eləcə də vətəndaşların hüquq və azadlıqlarının ali təminatçısı sayılan Prezident ümumxalq səsverməsi yolu ilə birbaşa və gizli seçkilərdə, ardıcıl iki dəfədən çox olmamaq şərti ilə, 5 il müddətinə seçilir.
Mövcud Konstitusiyaya əsasən dövlətin idarə olunmasında geniş səlahiyyətlərə malik olan dövlət başçısı Nazirlər Kabinetinə rəhbərlik edir, Əfqanıstanı ölkə daxilində və beynəlxalq münasibətlərdə təmsil edir, nazirləri və digər ali vəzifəli şəxsləri Parlamentin razılığı ilə təyin və vəzifədən azad edir. Ölkə Prezidentinə dövlətin idarə edilməsində iki vitse-prezident yaxından köməklik edir.
Eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısının dövlət siyasəti sahəsindəki qərarları, o cümlədən ölkədə müharibə və sülhün elan edilməsi, fövqəladə vəziyyətin tətbiqi və milli silahlı qüvvələrin kontingentinin digər göndərilməsi qərarı Parlamentdə təsdiq olunmalıdır.