Əhməd Əhmədzadə (siyasətçi)
Əhməd Cuma oglu Əhmədzadə (7 yanvar 1945, Qaxmuğal, Qax rayonu) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri (2006–2021).
1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1961-ci ildə 1 saylı orta məktəbi və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1976–1978-ci illərdə keçmiş Sov. İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya-siyasi təhsili almışdır.
Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967–1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir.
Ailəlidir, üç övladı var.
Mübariz Əhmədzadənin qardaşıdır.
Elman Rüstəmov ilə qudadır.
Əhməd Əhmədzadə 1975–1976-cı illərdə Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978–1980-ci illərdə Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Füzuli Rayon Komitəsinin birinci katibi, 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Şamxor Rayon Komitəsinin birinci katibi, 1991-ci ildə Azərbaycan Kommunist Partiyası Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki Rayon Xalq Deputatları Sovetinin sədri, 1991–1992-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.