Kərim Əliverdizadə
Əliverdizadə Kərim Səlim oğlu (1 aprel 1911, Qaradağlı, Şuşa qəzası – 16 mart 1996) — Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru, professor Kərim Səlim oğlu Əliverdizadə 1911-ci ilin aprelin 1-də Qarabağın dilbər guşələrindən biri olan Ağdamın Qaradağlı kəndində dünyaya gəlib.
K.S. Əliverdizadə 1930-cu ildə “Azneft” istehsalat birliyinin nəzdində açılmış üç illik Ali mühəndis-pedaqoji kursuna daxil olub, 1933-cü ildə həmin kursu uğurla bitirdikdən sonra qısa müddət təhsil kombinatının müdiri işləmişdir. 1934-cü ildə “Azneft” İB-nin göndərişi ilə keçmiş M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub, 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir.
K.S. Əliverdizadə 1938-ci ildə keçmiş “L. Şmidt” adına maşınqayırma zavodunda sıravi mühəndis-konstruktor kimi özünün mühəndis-texniki fəaliyyətinə başlamışdır. O, 1940-cı ilin noyabrından Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma institutunda (AzİNMAŞ) böyük mühəndis-konstruktor, baş mühəndis, elmi işlər üzrə direktor müavini, 1952-1954 cü illərdə isə “Nefqazlayihə” institutunun direktoru vəzifəsində işləmişdir.
O, 1954-cü ildən 1974-cü ilə qədər AzİNMAŞda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexanizm və maşınlar nəzəriyyəsi” kafedrasının professoru, 1974-cü ildən 1990-cı ilə qədər “Neft-mədən mexanikası, maşın və mexanizmləri” kafedrasının müdiri işləmişdir və 1990-cı ildən ömrünün sonuna qədər (16 mart 1996-ci il) həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
K.S. Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması”na görə 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimidir.
K.S. Əliverdizadəni mütəxəssislər neft quyularının ştanqlı nasos qurğusu ilə istismarı avadanlıqlarının, o cümlədən mancanaq dəzgahlarının tip-ölçü sıralarını yaradanlardan biri kimi tanıyırlar.
K.S. Əliverdizadə ömrünün 60 ilini həm neft və qaz sənayesinin mexanikası, maşın və avadanlıqlarının inkişafı sahəsində elmə, həm də təhsil-tədris sahəsində mühəndis kadrların və alimlərin hazırlanması işinə sərf etmişdir.