Əli Əmirli
Əli Məmməd oğlu Əmirli (30 oktyabr 1948, Novruzlu, Ağdam rayonu) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor
== Həyatı ==
Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır (1967–1973). Fəhlə işlədiyi 4 il ərzində zavodun çoxtirajlı "Elektrik" qəzetində oçerk və hekayələri ilə çıxış etmişdir. 1971-ci ildə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləmişdir (1969–1971). 1971-ci ildən 2006-cı ilədək Əli Əmirli Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat, elmi-texniki informasiya institunda əvvəl ədəbi redaktor, sonra redaksiya-nəşriyyat şöbəsinin müdiri, daha sonra direktor müavini vəzifələrində çalışmışdır.
1974–1975-ci illərdə ali təhsili başa vurduqdan sonra əsgəri xidmətdə olmuş , leytenant rütbəsi ilə tərxis edilmişdir.
Əli Əmirli əmək fəaliyyəti ilə paralel olaraq ədəbi yaradıcılıqla məşğul olmuş, hekayə, povest və romanları ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında çap olunmuş, kitabları dövlət nəşriyyatlarında nəşr edilmişdir. 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvüdür. Yeddi il Birliyin dramaturgiya seksiyasına rəhbərlik etmişdir. 2021-ci ildən Birliyin idarə heyətinin üzvüdür.