Məşədi Əzizbəyov
Məşədi Əziz bəy oğlu Əzizbəyov və ya Məşədi bəy Əzizbəyov (6 (18) yanvar 1876, Bakı – 20 sentyabr 1918, Krasnovodsk) — Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimi, ilk marksist azərbaycanlılardan biri; BSE-nin birinci nəşrinə əsasən, o, türk inqilabçı ziyalılar nəslinə aid idi. O, "Hümmət" təşkilatının rəhbərlərindən biri idi, RSDFP(b)-ın üzvü və "Ədalət" Sosial Demokrat Partiyasının MK-ın üzvü olmuşdur, Bakı Şəhər Dumasının qlasnısı, quberniya komissarı və Bakı XKS-nin Daxili İşlər Komissarının müavini olmuşdur (1918).
Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti təhsil aldığı Peterburq şəhərində başladı. RSDFP-a qoşularaq, "Vetrova nümayişləri"ndən birində də daxil olmaqla siyasi çıxışlarda iştirak edirdi. Birinci rus inqilabının fəal xadimlərindən idi, həmin dövr ərzində "Hümmət" təşkilatının üzvü və daha sonra onun tanınmış simalarından biri oldu. İran inqilabçılarına dəstək göstərirdi; fəaliyyətində bilavasitə iştirak etdiyi "Nicat" Bakı Müsəlman Maarif Cəmiyyəti ilə sıx əlaqədə olurdu. Yeraltı inqilabi işini qanuni fəaliyyətiylə məharətlə uyğunlaşdırırdı. Bakı Şəhər Dumasının üzvü idi. Bakı Kommunasının görkəmli simalarından biri kimi Sovet hakimiyyətini qurmaqla yanaşı, Bakının müdafiəsini təşkil etməkdə də çoxlu işlər görmüşdür. "26 Bakı komissarı" sırasında edam edildi.