Tatar süvari alayı
Tatar süvari alayı — Qafqaz yerli Süvari diviziyasının Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının, həmçinin Tiflis quberniyasının Borçalı mahalının tatarlarından (Azərbaycan türklərindən) formalaşan alaydır. Sonradan Müsəlman korpusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun tərkibində olmuşdur.
== Alayın formalaşması ==
Daha çox "Vəhşi diviziya" adı ilə məşhur olan Qafqaz yerli Süvari diviziyası Qafqaz və Cənubi Qafqazın o dönəmin qanunvericiliyinə görə hərbi xidmətə çağrılmayan könüllü müsəlmanlarından ibarət olub. 1914-cü ilin iyulun 26-da Qafqaz hərbi dairəsinin baş komandanı, süvari generalı, general-adyutant, qraf İ.İ.Vorontsov-Daşkov Hərbiyyə naziri vasitəsi ilə imperator II Nikolaya müraciət edərək, hərbi hissələr qurmaq üçün “döyüşkən Qafqaz xalqlarından” istifadə etmək təklifini irəli sürür. Bir gün sonra, iyulun 27-si çar döyüş əməliyyatları davam etdiyi müddətdə Qafqaz və Cənubi Qafqaz əhalisindən bir sıra alay formalaşdırmaq əmri verir. Təsdiq edilmiş ştatlara əsasən, hər süvari alay 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 kiçik rütbəli sıravi (atlılar) və 68 sıraxarici kiçik rütbəlilərdən ibarət idi. Azərbaycanlı süvari alayı, çeçen alayı ilə birgə diviziyanın 2-ci briqadasının tərkibində idi və bu briqadaya miralay (polkovnik) Konstantin Xaqandokov rəhbərlik edirdi. Diviziyanın komandiri isə II-ci Nikolayın doğma qardaşı, general-mayor, ali knyaz Mixail Aleksandroviç Romanov, baş qərargahın rəisi isə müsəlman olan Litva tatarı polkovnik Yakov Davidoviç Yuzevofiç təyin olunmuşdu. Tatar alayına gəldikdə isə, buraya komandir vəzifəsinə baş qərargahın polkovnik-leytenantı P.A. Polovtsov, komandir köməkçisi vəzifəsinə - Bakıda doğulmuş polkovnik-leytenant V.D.Staroselski, rotmistr (kapitan) vəzifəsinə isə Şahverdi xan Ziyadxanov təyin edilmişdilər. Həmçinin alaya 10-cu Virtemberq kralı E.V.Novqorodski draqun alayının polkovnik-leytenant, şahzadə Feyzulla Mirzə Qacar təhkim edilmişdi.