Baş Layısqı
Baş Layısqı — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayon mərkəzindən təxminən 35 km məsafədə yerləşir. Kənd 3 tərəfdən uca dağlar, sıldırım qayalar ilə əhatələnib.
== Etimologiyası ==
Şin çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Oykonim Baş və Layski (Laskiqaya adından) komponentlərindən düzəlib, "Layski yaşayış məntəqəsinin yuxarı hissəsi" deməkdir. Layski komponenti Laysqi, Laski, Laysıqı variantında da qeydə alınmışdır.
1831-ci il mənbələrində Layısqı kəndinin adı "Layiqsə" kimi qeyd edilmişdir. Belə ki, 1831-ci ildə kənd əhalisindən Balaşağa Əhməd oğlu, Məhəmməd Şəfi oğlu, Oruc İmamqulu oğlu, Məhəmməd Ramazan oğlu, Sofi Yüzbaşı Məhəmməd Əmin oğlu, Abbas Qasım oğlu, Kərim Cabbar oğlu, Kovxa Dərviş oğlu, Kərim Şəfi oğlu, Hümmət balaoğlan oğlu olmaqla ümumilikdə 14 nəfərim imzaları ilə təsdiqlədikləri Azərbaycan türkcəsində ərəb qrafikası ilə yazılmış sənəddə kəndin adı Layısqı deyil, Layiqsə kimi göstərilmişdir. Sənəddə yazılıb: Şəki vilayətinin Köynük mahalının Layiqsə kəndinin nüfus dəftəri. Biz bu aşağıda siyahı üzrə olan adamların xəbəri ilə doğru və dürüstlük olaraq məcmuin bu dəftərə yazdırmışıq.