Rövşən Almuradlı
Rövşən Almuradlı (tam adı: Almuradlı Rövşən Əziz oğlu; 19 aprel 1954, Bakı – 2 aprel 2019, Sumqayıt) — azərbaycanlı rejissor, ssenarist, əsər müəllifi, aktyor.
Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olmuşdur.
1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdir. Orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek idi.
1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdır.
O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olmuşdur.
1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdur.
Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdir.