Artur Taymazov
Artur Borisoviç Taymazov (rus. Артур Борисович Таймазов, özb. Artur Borisovich Taymazov, oset. Таймӕзты Барисы фырт Артур; 20 iyul 1979, Noqir, Şimali Osetiya MSSR) — Rusiya siyasi xadimi, Özbəkistan millisini təmsil etmiş osetiyalı sərbəst güləşçi. VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, 18 sentyabr 2016-cı ildən Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclər Məsələləri Komitəsinin sədr müavini. 9 iyun 2021-ci il tarixindən Vahid Rusiya Partiyasının Şimali Osetiya regional bölməsinin katibi.2004-cü il Olimpiya çempionu, 2000-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu (2003, 2006), ikiqat Asiya çempionu (2000, 2011), üçqat Asiya Oyunlarının çempionu (2002, 2006, 2010).
== Həyatı ==
20 iyul 1979-cu ildə Şimali Osetiyada, Vladiqafqazın şəhərətrafı qəsəbəsi Nogir kəndində anadan olub. Qardaşları ilə birlikdə ağır atletika və sərbəst güləşlə məşğul idi. Taymazovun sərbəst güləş üzrə ilk məşqçisi Apayev Xasan Vladimiroviç olmuşdur. Daha sonra onun məşqçisi üç dəfə dünyanın ən yaxşı məşqçisi olmuş Kazbek Maqometoviç Dedeqkayev oldu.