Səfəvilər dövlətinin bayraqları
Səfəvilər dövlətinin bayraqları — Səfəvi dövlətinin yaranışından süqutuna kimi mövcud olan bayraqlar.
Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən yaranmışdır. Mahmud Kaşğari “Divan-i Lüğət-it Türk” əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq (bayraq) kəliməsi işlənmişdir. Görünür müxtəlif ipək parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli simvol”a çevrilmişdir.
Hələ İslama qədərki dövrdə yazılmış və XIV əsr əlyazması ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və bayrağını endirin” ifadəsinin qeyd edilməsi bir daha göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi önəm verilmişdir.
Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkurəyə söykənən dövlət kimi tarixə düşən Səfəvilər dövlətinin bayraqları ayrı-ayrı hökmdarlar dövründə fərqlənmişdir. Səfəvilər dövlətinə məxsus arxiv sənədləri dövrümüzə qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. Səfəvilər dövlətinin rəmzləri ilə bağlı məlumatları dövrün salnamələrindəki qeydlərdən, Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündəliklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır.