Saraçlı (Borçalı)
Saraçlı, Mamxuti — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
== Fiziki-coğrafi mövqeyi ==
Saraçlı kəndi dəniz səviyyəsindən 450–600 m yüksəklikdə, Xrami çayının sağ qollarından olan Sağsağanlı çayının orta axarında - çayın hər iki sahilində yerləşir. Saraçlı qonşu kəndlər – Aşağı Qoşakilsədən 4,0 km, İmirhəsəndən 6,7 km, Faxralıdan 6,4 km, Qudurrudan 7,3 km və rayon mərkəzi Bolnisidən 22 km məsafədə, paytaxt Tiflisdən isə 60 km cənubda yerləşir. Coğrafi koordinatları 41° 22' 60" şimal enliyi, 44° 43' 1" şərq uzunluğudur.
25 kv.km-ə yaxın olan Saraçlı torpaqları cənubdan şimal-şərqə doğru dağ və dağətəyi ərazilərdə yerləşdiyindən, həmçinin mütləq hündürlüyü dəniz səviyyəsindən +400 metrlə (Yuxarı Qoşakilsə yaxınlığında) +1040,5 metr (Ləzgi daşı) arasında olduğundan təbiəti də rəngarəngdir. Əgər şimal torpaqları çılpaq ovalıq zonaya düşürsə, cənuba getdikcə kolluq və qalın meşəliklərlə örtülü dağlarla əhatə olunmuşdur. Yağıntının orta illik miqdarı 500 mm-ə yaxın olduğundan, həmçinin mülayim zonada yerləşdiyindən bu torpaqlar dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün əlverişlidir.
== Tarixi ==
Saraçlı kəndi haqqında məlumat verən ən qədim rəsmi sənəd hələlik Gürcüstan muzeylərində üç variantı saxlanan çar "Dasturlamali"si hesab olunur. XI Georginin hakimiyyəti dönəmində (1682 - 1688-ci illər) tərtib olunmuş və sonralar əlavələr edilmiş, ərəbcə "dəstürüləməl" sözündən olub, mənası "məlumat" anlamına gələn bu sənədlərin iki variantında – Sulxan Mdivani və Aleksi Mesxişvili variantlarında kəndin adı "Saraclu – Eminis elis sopeli" ("Emin elinin Saraclu kəndi") formasında qeydə alınmışdır. O da maraqlıdır ki, gürcü dəftərdarları "sopeli" sözü ilə yerli – oturaq (binəli) kəndləri qeydə alır, köçəri kəndləri isə "oba" adlandırırdılar.