"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
== Təsis edilməsi ==
2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.
Azərbaycan Respublikasının "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir:
Maddə 1. Təltif edilən şəxslər
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir.
Maddə 2. Təltif edən orqan
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətən müharibəsi iştirakçısı" medalından sonra taxılır.