Qars Şəhər Dumasına seçkilər (1917)
Qars Şəhər Dumasına seçkilər — 13 sentyabr (26 sentyabr) 1917-ci il tarixində Qars Şəhər Dumasına keçirilən seçkilər.
== Zəmin ==
12 aprel (24 aprel) 1877 tarixində Rusiya İmperiyası Osmanlı İmperiyasına müharibə elan etdi, Balkan yarmadasında və Şərqi Anadolu ilə sərhəddə cəmlənən Rusiya ordusu bütün sərhədləri boyu hərbi əməliyyatlara başladı. 18 aprel (30 aprel) 1877 tarixində Bəyazid , 5 may (17 may) 1877 tarixində Ərdahan, 23 may (4 iyun) 1877 tarixində Qarakilsə , 6 noyabr (18 noyabr) 1877 tarixində Qars, 5 dekabr (17 dekabr) 1877 tarixində Ardanuç, 8 dekabr (20 dekabr) 1877 tarixində Xınısqala , 28 dekabr 1877 (9 yanvar 1878) tarixində Malazgird şəhərləri işğal olundu, 30 dekabr 1878 (11 yanvar 1878) tarixində Ərzurum şəhəri mühasirəyə alındı. Güclü müqavimət rusları şəhərə həlledici hücumdan çəkindirdi. 2 dekabr (14 dekabr) 1877 tarixindən 1878-ci ilin yanvar ayının sonunadək daha fəal hərbi əməliyyatlar keçirərək bəzi məntəqələri və bir-neçə yaxınlıqdakı kəndləri tuta bilən rus ordusu Batumu ələ keçirə bilməmişdi. 20 yanvar (1 fevral) 1878 tarixində Osmanlı – Rusiya razılaşmasına əsasən bütün cəbhələrdə hərbi əməliyyatları dayandırmaq haqqında atəşkəs elan olundu, atəşkəsin şərtinə görə Osmanlı ordusu 10 fevral (22 fevral) 1878 tarixində Ərzurum şəhərindən çəkildi və ruslar şəhərə daxil oldular. 19 fevral (3 mart) 1878 tarixində Osmanlı ilə Rusiya arasında müharibəni sonlandıran San-Stefano sülhü imzalandı. 29 maddəlik sülhün 19-cu maddəsinə əsasən Erzurum vilayətinin Qars, Bəyazid, Çıldır sancaqları və Trabzon vilayətinin Batum sancağı Rusiyaya verilirdi.
Qriqori təqvimi ilə 24 aprel 1877 – 3 mart 1878-ci illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsini yekunlaşdıran və 1 iyul (13 iyul) 1878 tarixində imzalanmış Berlin traktatının 58-ci (LVIII) maddəsinə əsasən Rusiya İmperiyasına verilmiş Osmanlı İmperiyasının Ərzurum vilayətinin Qars və Çıldır (qismən) sancaqları əsasında, 1878-ci ildə Qars vilayəti yaradıldı. Bununla bərabər Ərzurum vilayətinin Ərzurum sancağının Aşağı Pasin (Pasin-i Süfla) qəzasının bir-neçə kəndi yeni yaradılan Qars vilayətinə daxil edilmiş, Çıldır sancağının Oltu qəzasından bəzi kəndlər isə Osmanlıya verilmişdi.