Odri Hepbern ekranda və səhnədə
Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziya və səhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir. Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır. Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır. Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu. O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi. Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.