Esmira Fuad
Esmira Fuad (tam adı: Esmira Seyfəl qızı Fuad; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru.
== Həyatı ==
Esmira Seyfəl qızı Fuad Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib.
== Elmi fəaliyyəti ==
Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə elmi fəaliyyətə başlayıb.
Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub.