Əmir Əmiran Ömər
Əmir Əmiran Ömər — Eldəniz şəhzadəsi Məhəmməd Cahan Pəhləvan və İnanc xatunun oğlu.
== Həyatı ==
Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idadəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.
Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.