Vaqif Əlixanlı
Vaqif Əlixanlı (tam adı: Əlixanov Vaqif Ənvər oğlu) — Azərbaycan nasiri, dramaturq, tərcüməçi. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2015–2022), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1972), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019).
== Həyatı ==
Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Azərbaycan SSR-nin Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub.
Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb.
"Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib.
1976-cı ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib.
1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub.
Ovaxtkı Azərbaycan SSR Teatr truppaları və musiqi heyətləri ilə respublikanı Yaponiya, Norvec, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib.
1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır.