Sənətulla Eynullayev
Eynullayev (İbrahimov) Sənətulla İbrahim oğlu (1881, Simbirsk quberniyası[d] – bilinmir, Bakı) — mətbuat xadimi, naşir, redaktor, publisist.
== Həyatı ==
Simbirsk quberniyasının Buin qəzasının Əski Yukal kəndində anadan olmuşdur. Ev təhsili almış, orduda xidmət etmişdir. Yaradıcılığa Simbirskdə başlamış, XX əsrin 10-cu illərində Bakıya köçərək, "Məlumat" (1911), "Yeni irşad" (1911–12) qəzetlərinin redaksiyalarında işləmiş, "Səda" (1909–11), "Açıq söz" (1915–18) və s. qəzetlərdə məqalələr dərc etdirmişdir. Müstəqil jurnalistlik fəaliyyəti göstərmiş, 1912 il martın 6-da "İqbal" gündəlik qəzetinin nəşrinə başlamışdır. Qəzetin 459 nömrəsi çıxandan sonra hərbi qulluğa çağırılmış, naşirlik və mühərrirlik hüququnu Seyid Hüseynə vermişdir. Ordudan tərxis olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə ilə "İqbal", "Yeni iqbal" və "Açıq söz" qəzetlərində işləmiş və gündəlik redaktor vəzifəsini icra etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında işləmiş, qəzetin aparıcı müəlliflərindən biri olmuşdur. Əsasən publisistika sahəsində çalışmışdır.