Eyyub Bəşirov
Eyyub Balaməmməd oğlu Bəşirov (12 dekabr 1925, Xol Qarabucaq, Salyan (indiki Neftçala – 7 noyabr 2017), Azərbaycan SSR, SSRİ) — Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti; Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik.
== Həyatı ==
Eyyub Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Lakin özünün dediyinə görə əslində 1925-ci ilin 12 dekabrında doğulmuşdur.
1943-cü ildə Salyan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib müəllimlik fəaliyyətinə başlamışdır.
1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürülürmüşdür. Akademiyanı əla qiymətlərlə bitirən Eyyub Azərbaycana qayıdıb və doğma vətənində heyvandarlıq sahəsinin, aqrar elmin, xalq təbabətinin inkişafında misilsiz xidmətlər göstərmişdir.
SSRİ məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik olan Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları da burada aparılmışdır.
1961-ci ildə Hindistanın Heydərabad şəhərində alimin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir.