Elektron Hökumətin İnkişafı Mərkəzi
Elektron Hökumətin İnkişafı Mərkəzi — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi yaradılıb.
Mərkəz, dövlət-dövlət (G2G — government to government), dövlət-biznes (G2B — business to government), dövlət-vətəndaş (G2C — government to citizen) formatında elektron xidmətlərin yaradılmasını və icrasını həyata keçirirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2022-ci il tarixli fərmanına əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Bu fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsinin ona qoşulması formasında yenidən təşkil edildi.
== Fəaliyyət istiqamətləri ==
Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı, xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.
Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir.
Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılır və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur.
== Layihələr ==
=== "myGov" ===
Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb.
"myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir.