Səbinə Hacıyeva (aktrisa)
Səbinə Sabir qızı Hacıyeva (16 noyabr 1983) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018).
== Həyatı ==
1999–cu ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinorejissorluq" fakültəsinə daxil olmuş və 2003-cü ildə universiteti bitirib. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "magistratura" pilləsinin "Mədəniyyətşünaslıq" fakültəsinə qəbul olmuş və 2005-ci ildə həmin fakültəni bitirmişdir. 16 noyabr 2003-cü ildən hal-hazıradək Dövlət Pantomima Teatrının aktrisasıdır. O, B.Xanızadə "Şərqə səyahət" – (Hind qızı), M.Mkusabəyov "Şəngül, Şüngül, Məngül" – (Küpəgirən qarı, Məngül), B. Xanızadə "Eşq" (V. Şekspirin sonetləri əsasında plastik düşüncə) – (AY, Vərəq), Z.Zeynalov "Maska" – (Qadın), A.Ekzüperi "Balaca Şahzadə" – (Qızılgül), A.Kamyu "İnsan" – (Masonun arvadı, Ərəb qızı), A.Məmmədov "Korlar" – (Ölüm) tamaşalarında oynamışdır. R.Həsənoğlu "Hüseyn Cavid" – (Gənc Şairə) filmində çəkilmişdir.
S.Hacıyeva Tatarıstanda (Kazan 30 may – 6 iyun 2005 "Novruz" Türkdilli xalqların teatr festivalı) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.