Kərbəlayi İsrafil Hacıyevin evi
Kərbəlayi İsrafil Hacıyevin evi — Bakı şəhərində Cəfər Cabbarlı 12 ünvanında yerləşən tarixi bina. Bina 1910-1912-ci illərdə neft milyonçusu, Bakı şəhər dumasının üzvü Kərbəlayı İsrafil Hacıyevin sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında qotik üslubda inşa edilib.
== Tarixi ==
1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, şəhər idarəsində sahə memarı işləmiş və bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutan İosif Ploşkonun sifarişçiləri məşhur Bakı milyonçuları idilər, onlar tələb edirdilər ki, yaşayış və digər binaların memarlığı onların imiclərinə uyğun olsun. Neft sənayesində olduğu kimi, tikintidə də rəqabət var idi və memarlar öz sahiblərinin sorğularını ödəyirdilər.
İ.Ploşko fransız qotikası üslubunda olan "Murtuza Muxtarovun Sarayı"ndan sonra 1910-cu ildə tanınmış Bakı milyonçusu Kərbəlayi İsrafil Hacıyevdən keçmiş Şamaxı küçəsi, 12-də malikanənin tikinti layihəsi üçün sifariş aldı. Bina adi şəhər tikintisinə daxil edilmişdi, lakin Avropa ölkələri ilə tanış olan iddialı sahibkar öz malikanəsinin memarlığına başqa cür münasibət tələb edirdi.
== Memarlıq xüsusiyyətləri ==
Fasadın ümumi kompozisiyası öz iri hissələrinin modelləşdirilməsi ilə klassik bölünmə ənənələrinin pozulduğunu göstərir. Fasadın tikintisi həcmin işıq-kölgə vasitələri ilə həll olunmuşdur, kompozisiyanın sxemi kifayət qədər dinamikdir və parlaq modernə xas olan cizgilərə malikdir. Fasadın aydın cizgiləri yeni memarlıq formalarının gözəl və mənalı başa düşülməsinə imkan verir. Fasadın kompozisiyası rizalitlərin iki qülləvari ucları ilə, modern üslubunda mərtəbə açırımları və yandan görünüşü, hissələrin zənginliyi ilə xüsusi memarlıq dünyası yaratmışdır.