Səidə İmanzadə
Səidə İmanzadə (29 dekabr 1910, Nuxa – 1 may 1992) — Azərbaycanın pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi.
Səidə xanım İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür.
Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı.
Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu.