İndira Hacıyeva
İndira Hacıyeva (tam adı: İndira Niyazi qızı Hacıyeva; 15 iyul 1960, Bakı) — 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini.
İndira Niyazi qızı Hacıyeva 1960-cı il iyulun 15-də Bakı şəhərində anadan olub.
1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunun məzunu olub.
1982–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis kimi çalışıb.
1992–1993-cü illərdə İndira Hacıyeva Bakı Dövlət Universitetində mühəndis, "SIAR-BAKI JV" sosioloji tədqiqatlar müəssisəsində analitik təhlil üzrə mütəxəssis (1993–1995 və 1998–1999), Bakı Şəhər İcra Hakimiyyətində baş mütəxəssis (1999–2000) və İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri (2000–2001) vəzifələrində işləmişdir.
Daha sonra Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Usaq və Gənclərlə is üzrə şöbəsində baş təlimatçı, sektor müdiri (2001–2006), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi (2006–2007), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri (2008–2021) vəzifələrində çalışıb.
İndira Hacıyeva 1984–1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Komsomol komitəsi katibinin müavini, 1986–1988-ci illərdə 26 Baki Komissarı adına rayon komsomol komitəsində təlimatçı, katib və I katib vəzifələrində, 1988–1989-cu illərdə Ümumittifaq komsomolunun Mərkəzi Komitəsində (Moskva) təlimatçı, 1989–1991-ci illərdə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb.
İndira Hacıyeva bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında altıncı sırada olmuşdur.