Əkbər İrəvanlı
Əkbər Yerevanlı (tam adı: Əkbər Yunis oğlu Süleymanov; 17 iyun 1921, İrəvan, İrəvan qəzası, Ermənistan SSR – 28 avqust 1982, İrəvan, Ermənistan SSR, SSRİ) — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri (1956–1980), Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri (1964–1982).
== Həyatı ==
Əkbər Yunis oğlu Süleymanov 1921-ci il iyunun 17-də İrəvan şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, 1943-1948-ci illərdə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləmişdir. 1951-ci ildə Ermənistan SSR EA M.Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olmuş, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası" (1955), "Cəlil Məmmədquluzadə və erməni xalqı" (1966), "Nəsimi" (1973), "Xatabala" jurnalı Azərbaycan haqqında" (1974) kitabları çap olunmuşdur.Əkbər Yerevanlının "Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna qədər" mövzusunda doktorluq dissertasiyası 556 səhifə həcmində monoqrafiya şəklində 1968-ci ildə İrəvanda "Hayastan" nəşriyyatında çap olunsa da, ömrünün sonuna kimi onu müdafiə etməyə qoymamışdılar.[mənbə göstərin] Buna görə də 1975-ci ildə "Erməni-Azərbaycan ədəbi əlaqələri (şifahi xalq yaradıcılığı, aşıq sənəti və XI—XVIII əsrlərin yazılı ədəbiyyatı)" adlı doktorluq dissertasiyasını Bakıda müdafiə etmişdir.Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri" (1958), "M.Ə.Sabir və erməni xalqı" (1962), "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı" (1974), "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" (1975) tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunmuşdur.