Şimali Koreyanın dövlət quruluşu
Şimali Koreyanın dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Şimali Koreya qeyri-məhdud hakimiyyətli bir partiyalı idarəetmə üsuluna malik, sosialist respublikasıdır. Milli bayram günü olan dövlətin yaranması günü (1948) 9 sentyabr tarixində qeyd edilir. Ölkə Konstitusiyası 27 dekabr 1972-ci ildə qəbul edilmişdir (9 aprel 1992-ci ildə, 5 sentyabr 1998-ci ildə, 27 sentyabr 2009-cu ildə və 2012-ci ilin aprel ayında Konstitusiyaya bir sıra dəyişikliklər edilmişdir).
Koreya Xalq Demokratik Respublikası 9 əyalətə (Çaqando, XamqenPukto, Xamqen-Namdo, Xvanxe-Pukto, Xvanxe-Namdo, Kanvondo, Pxenan-Pukto, Pxenan-Namdo, Yanqando), mərkəz tabeçiliyində olan 2 iri şəhərə (Pxenyan və Rason) və 3 xüsusi inzibati regiona (Keson sənaye regionu, Kımqansan turistik regionu və Sinıycu xüsusi inzibati regionu) bölünür.
Koreya Xalq Demokratik Respublikasında dövlət hakimiyyətinin ən yüksək rəhbərlik orqanı sayılan Mərkəzi Xalq Komitəsinə KXDR Prezidenti başçılıq edir.
Ölkədə siyasi sabitliyin və dövlət təhlükəsizliyinin təminatçısı, habelə daxili və xarici münasibətlərdə KXDR-in ali təmsilçisi sayılan Prezident dövlət siyasətini formalaşdırır və onun həyata keçirilməsi üçün Ali Xalq Məclisi qarşısında bilavasitə məsuliyyət daşıyır, digər ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndələri vəzifəyə təyin edir və geri çağırır və qüvvədə olan Konstitusiya ilə müəyyən edilmiş digər mühüm səlahiyyətləri icra edir.
Şimali Koreyada hərbi və müdafiə sferası dövlət hakimiyyətinin ən yüksək hərbi rəhbərlik orqanı sayılan Milli Müdafiə Komissiyasının müstəsna səlahiyyətinə aiddir. Bütün ölkə üzrə silahlı qüvvələrə və dövlət müdafiə sisteminə rəhbərlik edilməsi, ali hərbi kadrların təyinatı, müharibə və ümumxalq səfərbərliyi elan edilməsi və s. məsələlər Milli Müdafiə Komissiyası tərəfindən həyata keçirilir.