Siyavuş Kərimi
Siyavuş Əşrəf oğlu Kərimi (9 noyabr 1954, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor, Azərbaycan Milli Konservatoriyasının rektoru (2001-2024)
== Həyatı ==
Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib. 1961–69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969–72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972–77-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib.
S. Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir.