Dağ mahmızlaləsi
Dağ mahmızlaləsi (lat. Corydalis alpestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Gövdə sadə və ya budaqlıdır, 5-15 sm hündürlükdə, aşağı hissədə pulcuqlu, 2-3 yarpaqlıdır. Bu yarpaqlar uzun saplaqlı, üçbölümlü, yuxarı yarpaqlar oturaq, kiçilmişdir. Çiçəklər 2-5 ədəd olmaqla kiçik başcığa toplanmışdır. Çiçək tacı göyümtül, bəzən çəhrayi-bənövşəyi, çox nadir halarda ağımtıl, 15-20 mm uzunluqda, düz, küt, 1,5 dəfə yarpaq ayasından uzundur. Qutucuq 10-15 (5) mm uzunluğunda, uzunsov və ya xətvari-ellipsşəkillidir.