Hindi soyqırımları
Hindi soyqırımları (ing. Indian Genocide, Amerindian genocide, American Indian Genocide, Native American Genocide, Genocide of Native Americans, American Indian Holocaust, American Holocaust; isp. genocidio de la población indígena americana, genocidio de la población indígena de las Américas, holocausto indígena; port. genocídio dos índios, genocídio indígena) — Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindilərə qarşı həyata keçirilən soyqırımlardır.
Birbaşa hindi soyqırımları, torpaqlarından zorla qovulan hindilərin rezervasiyalara yerləşdirilməsi, hindilərin immun sistemilərinə yad olan su çiçəyi xəstəlikləri kimi Qədim dünya xəstəliklərinin qəsdən yoluxdurulması, axtalama və hindi uşaqlarının xristian missionerlər tərəfindən uzun müddət ailələrindən uzaqda saxlanılaraq ABŞ hindi məktəbləri və Kanada hindi məktəbləri kimi yerlərdə ana dillərində danışmalarının qadağan edilməsi (mədəni soyqırım) kimi müxtəlif soyqırım növləri həyata keçirilmişdir. Bundan başqa iqtisadi resursları nəzarət altına almağı hədəfləyən utilitar soyqırımlar da həyata keçirilmişdir. Utilitar soyqırımlara Braziliya və Paraqvay hindilərinə qarşı həyata keçirilən soyqırımları misal göstərmək olar.
8 sentyabr 2000-ci ildə ABŞ-də Hindi İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindilərdən rəsmi şəkildə üzr istəmişdir.
Hindilərə qarşı həyata keçirilən soyqırım siyasətini hindilərə qarşı düşmən olan General Filip Şeridana aid edilən sitat özündə əks etdirir:
Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi, onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər. Avropalılarla ilk təmasdan sonra hindilərin 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür.