İspaniya mirası uğrunda müharibə
İspaniya mirası uğrunda müharibə (1701–1714) — XVIII əsrin əvvəllərində, 1700-cü ilin noyabrında vəfat edən və varisi olmayan İspaniya kralı II Karlın ölümü ilə başlanan ümumavropa müharibəsi. II Karl taxt-tacını daha sonra İspaniya Kralı V Filip olan Fransız kralı XIV Lüdovikin nəvəsi Anju hersoqu Filipə vəsiyyət etmişdi. Müharibə Müqəddəs Roma İmperatoru I Leopoldun sülaləsinin (Habsburqların da) İspan mülkləri hüququnu müdafiə etmək cəhdi ilə başladı. XIV Lüdovik torpaqlarını daha aqressiv şəkildə genişləndirməyə başladıqda, bəzi Avropa ölkələri (əsasən İngiltərə və Hollandiya Respublikası) Fransanın güclənməsinin qarşısını almaq üçün Müqəddəs Roma İmperiyasının tərəfini tutdu. Fransa və İspaniya arasındakı ittifaqda yeni dövlətlər əlavə ərazilər qazanmağa və ya mövcud torpaqlarını müdafiə etməyə çalışırdılar. Müharibə yalnız Avropada deyil, lokal qarşıdurmanın getdiyi və ingilis kolonistləri tərəfindən Kraliça Anna müharibəsi adlandırdıqları Şimali Amerikada da gedirdi.
Müharibə on üç ildən bir az çox davam etdi. Müharibə hersoq De Villyar və hersoq Bervik (Fransa), hersoq Marlboro (İngiltərə) və Savoy şahzadəsi Yevgeni (Avstriya) kimi istedadlı sərkərdələri üzə çıxarıb məşhurlaşdırdı. Müharibə Utrext (1713) və Raştatt (1714) müqavilələrinin imzalanması ilə sona çatdı. Nəticədə V Filip İspaniya kralı olaraq qaldı, lakin Fransa taxt-tacına varis olmaq hüququnu itirdi və bu da İspaniya və Fransa sülalələrinin ittifaqını pozdu.