Yekaterina Mtsituridze
Yekaterina Akakiyevna Msituridze (gürc. ეკატერინე მწითურიძე; d. 10 yanvar 1972, Tbilisi, Gürcüstan SSR) — Rusiya televiziya aparıcısı, kinoşünas və kinotənqidçi, "Variety Russia" jurnalının keçmiş baş redaktoru, "Roskino"nun rəhbəri (2011-ci ildən), Birinci kanalın kino üzrə mütəxəssisi, Sankt-Peterburq beynəlxalq mediaforumunun ideya müəllifi və baş prodüseri.
Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının üzvü, Rusiya Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər İttifaqının üzvü, FİPRESSİ beynəlxalq kino mətbuatı Assosiasiyasının üzvü, Rusiya Kinematoqrafiya elmi və incəsənəti Milli Akademiyasının akademiki, tarix elmləri magistri.
== Həyatı ==
10 yanvar 1972-ci ildə Tbilisidə anadan olmuşdur.
1994-cü ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tarix və kinoşünaslıq fakültəsini bitirmişdir. Yekaterinanın tarix fakültəsindəki müdafiə mövzusu XVII əsr italyan missionerinə həsr olunmuşdur. Onun ixtisas sahəsi mediyevistikadır. Kinoşünaslıq fakültəsindəki mövzusu isə Otar İoselianinin yaradıcılığı olmuşdur. Tarix fakültəsindəki diplom işinə görə Yekaterina tarix elmləri magistri dərəcəsini qazanmışdır.