Müəllimə
Müəllim (ərəb. معلم) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs.
== Müəllimin pedaqoji qabiliyyətləri ==
Təhsil prosesinin əsas siması müəllimdir.
Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur.
Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur.
Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir.
Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur.
Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur.
İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur.
Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.