Mərziyyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901 və ya 1901, Həştərxan – 6 yanvar 1962 və ya 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961).
== Həyatı ==
Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır.
Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.