Nəhənglərin hücumu
Attack on Titan (azərb. Nəhəngə hücum) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人, azərb. Hücum edən nəhəng) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.