Oktay Kazımi
Oqtay Məmməd oğlu Kazımov (Kazımi) (27 dekabr 1932, Astara – 9 avqust 2010, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti (2006), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Azərbaycanda ilk rok operettanın müəllifi.
== Həyatı ==
Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O. Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O. Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O. Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.