Oğuzlar
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır.
Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır.
Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.