Qacaran
Qacaran (erm. Քաջարան) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən respublika tabeli şəhər. Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır.
== Tarixi ==
Qacaranın da yerləşdiyi Sünik mərzində (tarixi Zəngəzur mahalı) aşkar edilən bütpərəst məbədləri e.ə 2-3-cü minillikdə bu ərazidə yaşayışın olduğunu göstərir. Metalın kəşf olunması isə Tunc dövrünə qədər gedib çıxır.
=== Zəngəzur mis-molibden zavodu ===
Qafan ərazisində 1850-ci ildə istifadəyə verilən ilk mis mədəni 1910-cu ilə kimi fəaliyyət göstərib. 1935-ci ildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni nəhəng mis yataqlarının kəşf olunmasıyla Sovet hökumətinin diqqət mərkəzinə gəlmiş Qafanda 1940-cı ildə mədən və fabrikin tikintisinə başlanılmışdır. Lakin, İkinci dünya müharibəsinin başlaması ilə tikinti işləri 1944-cü ilə kimi ara vermiş, daha sonra yenidən başlayan tikinti işlərinin nəticəsində isə 1951-ci ildə «Zəngəzur mis-molibden zavodu» («Qacaran mis-molibden zavodu») istifadəyə verilmişdir.
«Zəngəzur mis-molibden zavodu»nun tikintisiylə birlikdə Verin Hand və Oxçu kəndləri arasında yeni salınan şəhər öz adını yaxınlıqda yerləşən Qacaran adlı kənddən aldı.
1958-ci ildən etibarən Qacaran şəhəri respublika tabeli şəhər statusu daşıyır.