Qarabağda azərbaycanlılara qarşı soyqırımlar (1917-1920)
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır. Sovet Rusiyasının Birinci dünya müharibəsi (1914-18) cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı. N.Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar. N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.