Amundsenin Cənub qütbünə ekspedisiyası
Amundsenin Cənub qütbünə ekspedisiyası (ing. Amundsen's South Pole expedition) — Coğrafi Cənub qütbünü fəth edən ilk ekspedisiyaya norveçli tədqiqatçı Roald Amundsen rəhbərlik etmişdir. 14 dekabr 1911-ci ildə o və dörd nəfər Terra Nova Ekspedisiyasının bir hissəsi sayılan, Robert Falkon Skottun başçılıq etdiyi ingilis səyahət dəstəsindən beş həftə əvvəl Cənub qütbünə çatmışdı. Amundsen və komandası öz bazalarına təhlükəsiz şəkildə qayıtdılar, ancaq sonra Skott və dörd yoldaşının geri dönüş yolunda öldüyü xəbərini eşitdilər.
Amundsenin ilkin planları Arktikaya və ətraflı buzlarla örtülmüş gəmisiylə Şimal qütbünün fəthinə yönəlmişdi. O, bunun üçün Frityof Nansenin Fram qütb kəşfiyyat gəmisindən istifadə etməyə qərar verdi və tədqiqatın maliyyələşdirilməsi üçün də maddi dəstək axtarmağa başladı. Ancaq 1909-cu ildə Amundsenin rəqibi olan amerikalı səyyahlar Frederik Kuk və Robert Pirinin hər biri Şimal qütbünə çatdıqlarını iddia etdikləri zaman bu ekspedisiyaya hazırlıqlar dayandırıldı. Amundsen daha sonra planını dəyişdirdi və cənubi qütbünün fəthinə hazırlaşmağa başladı; ictimaiyyətin və tərəfdarlarının ona nə dərəcədə dəstək verəcəyinə dair qeyri-müəyyənlik səbəbiylə o, yenidən planlaşdırılmış bu sirri heç kimə açmadı. O, 1910-cu ilin iyun ayında yola çıxdıqda hətta ekipajını da hədəflərinin Arktika olduğuna inandırmış, yalnız Framın son dayanacaq limanı olan Madeyranı tərk edərkən əsl istiqamətlərinin Antarktika olduğunu etiraf etmişdi.
Amundsen "Framheym" adlandırdığı öz Antarktika bazasını Böyük Buz səddindəki Balina buxtasında inşa edir.