Qırğızıstanın dövlət quruluşu
Qırğızıstanın dövlət quruluşu - 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
== Dövlət quruluşu ==
Qırğızıstan dualist formada idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) 31 avqustda qeyd olunur. Ölkənin yeni Konstitusiyası 27 iyun 2010-cu ildən qüvvədədir.
== İnzibati ərazi bölgüsü ==
Qırğızıstan 35 rayondan və 13 vilayət əhəmiyyətli şəhərdən ibarət 7 vilayətə (Batkən, Cəlalabad, İsık Göl, Narin, Çuy, Oş, Talas ) və Respublika tabeliyində olan 2 şəhərə (Bişkek və Oş) bölünür.
== Dövlət başçısı ==
Qırğızıstan Respublikasının ali vəzifəli şəxsi və dövlət başçısı olan Prezident ümumxalq səsverməsi yolu ilə, ardıcıl bir dəfədən artıq olmamaq şərti ilə, 6 il müddətinə seçilir. Mövcud Konstitusiyaya görə, Prezident Qırğız xalqının birliyinin və dövlət hakimiyyətinin rəmzi, habelə hüquqi dövlətin, Konstitusiyanın, ölkənin milli müstəqilliyinin və təhlükəsizliyinin, ərazi bütövlüyünün, vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır.
Prezidentin səlahiyyətləri Joqorku Keneşə (Parlamentə) və Baş nazirə (Nazirlər Kabinetinin rəhbəri) nisbətən daha məhduddur.
== Qanunverici hakimiyyət ==
Birpalatalı 120 yerlik Joqorku Keneşdir (Parlament). Deputatlar proporsional sistem ilə ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilirlər.