Sosialist realizmi prinsipi
Sosialist realizmi (rus. Социалистический реализм) və ya sosrealizm — SSRİ-nin və digər sosialist ölkələrinin incəsənətində bədii yaradıcılığa dövlət siyasəti vasitələri, o cümlədən senzura ilə yeridilən və sosializm quruculuğu məqsədinə xidmət edən dünyagörüşü metodudur. Azərbaycan dramaturgiyasında sosial realizmin banisi Cəfər Cabbarlı sayılır.
Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovethakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi.
Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu.