Maşın realiti-şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. M Group Production şirkətinin layihəsidir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları olub.
İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya M Group Production şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.
Oyunun şərtlərinə görə, iştirakçı tələb olunan vaxtda əlini maşın üzərindən çəkə bilməz.